8 Noyabr – Zəfər Günü münasibətilə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Zəfər Günü – Şanlı tariximizin qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdən öncə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və əməkdaşları, həmçinin "Aqromexanika" Elmi-Tədqiqat İnstitutunun direktoru və kollektivi Şəhidlər xiyabanını ziyarət edərək, Vətənimizin azadlığı və suverenliyi uğrunda həyatlarını qurban vermiş qəhrəman şəhidlərin xatirəsini dərin ehtiramla anıb və məzarları üzərinə gül dəstələri qoyublar. Ardınca Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda keçirilən tədbir şəhidlərin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirin davamında Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub. Videoçarxda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birlik və həmrəyliyi, eləcə də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Qələbə əks etdirilib. Tədbiri Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov açaraq qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürur və iftixar mənbəyidir, xalqımızın birliyi və ordumuzun qəhrəmanlığı sayəsində qazanılmış tarixi Qələbədir. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsi xalqımızın milli ruhunu, vətənə sədaqətini və azadlıq uğrunda mübarizə əzmini bir daha bütün dünyaya göstərdi. Şəhidlərimizin qanı ilə yazılan bu Qələbə Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir.
Çıxışının sonunda İbrahim müəllim qeyd edib ki, Zəfər Günü xalqımızın yaddaşında əbədi qalacaq, milli həmrəyliyimizin, qürurumuzun və ədalətin zəfərinin simvolu kimi gələcək nəsillərə örnək olacaq. Daha sonra söz alan "Aqromexanika" Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Kamil Fətəliyev çıxışında bildirib ki, Azərbaycan xalqının əldə etdiyi Zəfər müstəqil dövlətimizin gücünü, xalq ilə ordunun sarsılmaz birliyini və Prezident İlham Əliyevin müdrik, uzaqgörən liderliyini parlaq şəkildə nümayiş etdirir. O qeyd edib ki, bu tarixi Qələbə xalqımızın milli həmrəyliyinin, azadlıq və ədalət uğrunda mübarizə əzminin rəmzidir və Azərbaycan tarixində əbədi iz qoyub.
Tədbirdə çıxış edən Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, aqrar elmlər doktoru Ələddin Tağıyev "Qarabağ – Zəfərin simvolu, birliyin rəmzi" mövzusunda etdiyi məruzədə Qarabağ münaqişəsinin sona çatmasının, xalqımızın milli həmrəyliyinin və Ali Baş Komandanın müdrik və qətiyyətli rəhbərliyinin təzahürü olduğunu qeyd etdi. O, bu zəfərin təkcə hərbi uğur deyil, həm də mənəvi bir yüksəliş olduğunu vurğuladı.
Daha sonra Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mahal Kazımov, əməkdaşlar Nigar Qədimova, Namiq Əliyarov və Xəyalə Abbasova çıxış edərək, xalqımızın qəhrəmanlıq irsini, şəhidlərimizin və qazilərimizin göstərdikləri fədakarlığı önə çəkdilər. Onlar, həmçinin bu qələbənin gələcək nəsillərə vətənpərvərlik və milli birlik dəyərlərini aşılamaq baxımından böyük əhəmiyyət kəsb etdiyini və bu mübarizənin tarixə həm hərbi, həm də sosial-mədəni bir irs kimi qazandırılmasının vacibliyini vurğuladılar.
Tədbir iştirakçıları Azərbaycan Ordusunun igidlik və qəhrəmanlıq yolunu böyük hörmət və qürur hissi ilə xatırlayaraq, ölkəmizin hər zaman zəfər sahibi, sülhsevər və qüdrətli olması diləklərini ifadə ediblər.

