Bölgələrdə təşkil olunan Aqrar Biznes Festivallarının yekununa həsr olunmuş tədbir keçirilib

Bakıda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə təşkil olunan Aqrar Biznes Festivallarının yekununa həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Biznesinin İnkişafı Fondunun, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Dövlət Məşğulluq Agentliyinin, Peşə Təhsili Dövlət Agentliyinin və digər müvafiq qurumların rəhbər şəxsləri, millət vəkilləri, sahibkarlar və fermerlər iştirak ediblər.

  Tədbirdə həmçinin "Aqromexanika" Elmi-Tədqiqat İnstitutunun direktoru Kamil Fətəliyev də iştirak etmişdir.

  Tədbirdə açılış nitqi ilə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı əsas prioritet və strateji sahələrdən biri kimi müəyyən olunub: “Son illərdə kənd təsərrüfatında istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqi, fermerlərin maliyyə və texniki resurslara çıxışının asanlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformasının genişləndirilməsi, ekoloji cəhətdən dayanıqlı istehsal modellərinə keçid dövlət siyasətinin əsas istiqamətlərindəndir. İqlim dəyişikliklərinin təsirlərinin azaldılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə, eləcə də dəqiq kənd təsərrüfatının tətbiqi aqrar sektorun rəqabətqabiliyyətliliyini daha da artırır. Məhz bu strateji hədəflərin regionlarda təşviqi məqsədilə Aqrar Biznes Festivalları təşkil olunub. Cari ildə ölkənin 13 iqtisadi rayonunu əhatə edən 28 rayonda 32 festival keçirilib, 8 milyon manatdan artıq satış icra olunub. Festivallar çərçivəsində toxum sərgi-satış yarmarkaları, kredit yarmarkaları, panel müzakirələr və təlimlər təşkil edilib”.

Nazir əlavə edib ki, bu festivallar kiçik və orta sahibkarlığın inkişafına, qadın fermerlərin və gənclərin aqrar sahəyə daha fəal cəlb olunmasına, bilik və təcrübə mübadiləsinin genişlənməsinə əhəmiyyətli töhfə verib, eyni zamanda məhsul festivalları regionların ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının tanıdılması və brendləşdirilməsi üçün imkanlar yaradıb.

  Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədli, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, “Caspian Event Organisers” şirkətinin direktoru Bəhruz Hidayətzadə, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Aqrar Biznes Festivallarının fermerlərin kənd təsərrüfatı istehsalı vasitələrinə və güzəştli aqrar kreditlərə əlçatanlığının təmin edilməsi baxımından əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Aqrar Biznes Festivalları gələcək illərdə də kənd təsərrüfatının innovativ, rəqabətqabiliyyətli və dayanıqlı inkişafına mühüm töhfələr verəcək.

Qeyd edək ki, son illər ərzində bölgələrdə ümumilikdə 90 Aqrar Biznes Festivalı keçirilib. Bunlardan 32-si 2025-ci ildə baş tutub. Bu il keçirilən festivallarda ümumilikdə 421 907 nəfər iştirak edib, bunların 38 492 nəfəri fermer, 383 415 nəfəri isə ziyarətçi olub.

Festivallar çərçivəsində təkcə 2025-ci ildə rayon icra hakimiyyətləri ilə birgə bölgələrdə 19 Məhsul Festivalı təşkil edilmişdir. Gələn il keçiriləcək 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində (“Caspian Agro 2026”) məhsul festivallarının keçirildiyi bölgələrin “Azərbaycan pavilyonu” adı altında stendlə təmsil olunması nəzərdə tutulur.

Aqrar Biznes Festivalları çərçivəsində 2025-ci ildə ölkənin 8 iqtisadi rayonunda 14 toxum sərgi-satış və kredit yarmarkası keçirilmiş, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində isə 5 rayonda, o cümlədən Zəngilan rayonu və Xankəndi şəhərində “Bootcamp” proqramları təşkil olunmuşdur. Bootcamp proqramlarında süni intellektin tədris edildiyi ixtisaslar üzrə 20-yə yaxın ali təhsil müəssisəsindən 90-a yaxın tələbə iştirak etmişdir.

Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbir “Aqrar sahədə dövlət qurumları arasında əməkdaşlıq imkanları” mövzusunda panel müzakirələrlə davam etdiriləcək.

Ən son xəbərlər

Scroll to Top