herosecpages1_page-0001
blank

Kamil Fətəliyev – texnika elmləri namizədi, dosent, Azərbaycan Dövlət Aqrar Universitetinin fəxri professoru.

Həyatı
Fətəliyev Kamil Hətəm oğlu
Fətəliyev Kamil Hətəm oğlu
Kamil Hətəm oğlu Fətəliyev 03 mart 1943-cü ildə Zəngəzur mahalı, Sisiyan rayonunun Şəki kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti - ADAU) “Kənd təsərrüfatının mexanikləşdirilməsi” fakültəsini fərqlənmə diplomu ilə bitirib, bir illik hərbi  xidmətini başa  vurduqdan sonra Naxçıvanda “Azərkəndtexnika birliyi”ndə böyük mühəndis vəzifəsində işləmişdir. 1968-1969-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Traktor və avtomobillər” kafedrasında laboratoriya müdiri və assistent, 1970-1977-ci illərdə isə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda (indiki “Aqromexanika”  Elmi-Tədqiqat İnstitutu) əyani aspiranturada təhsil almış, daha sonra  elmi işçi vəzifəsində çalışmışdır. 1977-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi almış və həmin ildən 1986-cı ilə qədər ADAU-da assistent, daha sonra dosent vəzifələrində, 1986-2003 illərdə isə “Maşın hissələri, yükqaldırıcı-nəqledici maşınlar və mühəndislik qrafikası” kafedrasında kafedra müdiri vəzifəsində işləmişdir. 2003-cü ildən hal-hazıra qədər “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun direktorudur. 1994-cü ildən YAP-ın üzvü, 2010-cu ildən ADAU-nun fəxri professorudur. Emi yaradıcılığı dağ əkinçiliyinin mexanikləşdirilməsi istiqamətində olmaqla BMT-nin FAO və İKARDA təşkilatları ilə birlikdə “Respublikanın suvarılan torpaqlarında resursqoruyucu kənd təsərrüfatı” adlı Beynəlxalq layihənin iş icraçılarından olmuşdur. 250-dən çox elmi əsərin, o cümlədən 7 ədəd kitab, 31 ixtira (18 ədəd RF-nın, 13 ədəd milli) və 19 ədəd tövsiyyənin müəllifidir. Rəhbərliyi altında 2 nəfər öz namizədlik dissertasiya işini müdafiə etmişdir. AMEA “Biologiya” elmləri bölməsi üzrə kənd təsərrüfatının mexanikləşdirilməsi seksiyasının, ADAU-da ixtisaslaşdırılmış Müdafiə Şurasının, Azərbaycan Aqrar Elmi, AMEA-nın Gəncədə dərc olunan “Xəbərlər” məcmuəsi və ADAU-nun elmi əsərləri (Kənd təsərrüfatının mexanikləşdirilməsi, elektrikləşdirilməsi və xidmət sahələri) jurnallarının redaksiya heyyətinin üzvüdür. Kənd Təsərrüfatı Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Ailəlidir, 3 övladı, 8 nəvəsi və 2 nəticəsi vardır.
Scroll to Top