
9 May – Faşizm üzərində Qələbə Günü bəşəriyyət tarixində ən mühüm və şərəfli günlərdən biri kimi qeyd olunur. Bu tarixi gün İkinci Dünya müharibəsində faşizm üzərində qazanılmış böyük qələbənin simvolu olmaqla yanaşı, xalqların azadlıq, sülh və insanlıq naminə göstərdiyi misilsiz qəhrəmanlığın ifadəsidir.
Azərbaycan xalqı da bu qələbənin əldə olunmasına böyük töhfələr vermişdir. Müharibə illərində yüz minlərlə azərbaycanlı cəbhəyə yollanaraq faşizmə qarşı döyüşlərdə igidlik göstərmiş, minlərlə soydaşımız qəhrəmanlıq nümunələri ilə tarix yazmışdır. Respublikanın sənaye və xüsusilə neft sektoru isə keçmiş Sovet İttifaqının hərbi təminatında strateji rol oynamışdır. Bakı nefti müharibə dövründə qələbənin mühüm dayaqlarından biri hesab edilmişdir.
Ulu Öndər Heydər Əliyev Böyük Vətən müharibəsi veteranlarına daim xüsusi diqqət və qayğı ilə yanaşmış, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atmışdır. Bu siyasət bu gün də uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müharibə veteranlarının rifahının yaxşılaşdırılması, onların xidmətlərinin yüksək qiymətləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Veteranlara göstərilən diqqət və ehtiram xalqımızın tarixi yaddaşa və qəhrəmanlıq ənənələrinə verdiyi yüksək dəyərin təzahürüdür.
Bu gün dünya xalqları üçün sülhün, təhlükəsizliyin və beynəlxalq həmrəyliyin qorunması xüsusi əhəmiyyət daşıyır. 9 May tarixi bir daha xatırladır ki, faşizm, işğalçılıq və insanlığa qarşı yönəlmiş bütün ideologiyalar xalqların birliyi və mübarizəsi qarşısında məğlub olmağa məhkumdur.
Faşizm üzərində Qələbə Günündə müharibə iştirakçılarının, şəhid olmuş qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad edir, veteranlara möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulayırıq!