
Azərbaycan Respublikasının dövlətçilik tarixində əbədi qızıl hərflərlə yazılmış 8 Noyabr Zəfər Günü xalqımızın əsrlər boyu yaşatdığı azadlıq və müstəqillik ideallarının təntənəsini, həmçinin müasir Azərbaycanın qüdrətini nümayiş etdirən müstəsna tarixi hadisədir. Bu möhtəşəm qələbənin təməli ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə həyata keçirilən uzaqgörən dövlətçilik strategiyasına əsaslanır. Ulu Öndər tərəfindən təməli qoyulan güclü iqtisadiyyat, müstəqil ordu quruculuğu və milli həmrəylik siyasəti ölkəmizin gələcək uğurlarının fundamental bazasını yaratmışdır. Məhz həmin dövrdə dövlət suverenliyinin qorunması, eləcə də ölkə iqtisadiyyatının əsas sütunlarından biri olan kənd təsərrüfatının böhran vəziyyətindən çıxarılaraq sistemli inkişaf yoluna keçirilməsi istiqamətində mühüm elmi-praktiki addımlar atılmışdır.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmiz bütün sahələrdə, o cümlədən hərbi, iqtisadi və aqrar sahələrdə misilsiz tərəqqi dövrü yaşamışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi tarazlaşdırılmış daxili və xarici siyasət, hərbi sənaye kompleksinin gücləndirilməsi və müasir tələblərə cavab verən ordunun formalaşdırılması dövlətin hərtərəfli qüdrətini təmin etmişdir. Eyni zamanda, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatının modernləşdirilməsi və aqrar sahədə elmi yanaşmaların tətbiqi dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Bu kompleks inkişaf strategiyası həm iqtisadi müstəqilliyi möhkəmləndirmiş, həm də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi ədalətin bərpası üçün zəmin hazırlamışdır.
Tarixə 44 günlük Vətən müharibəsi kimi daxil olan 2020-ci ilin payızında Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq, yüksək peşəkarlıq və müasir taktiki bacarıqlar nümayiş etdirərək otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının dəmir yumruq ətrafında formalaşan bənzərsiz birliyi, cəbhədə və arxa cəbhədə göstərilən həmrəylik həlledici rol oynadı. Silahlı Qüvvələrimizin hər bir hərbi qulluqçusu döyüş meydanında şücaət göstərərək düşməni darmadağın etdi və noyabrın 8-də mədəniyyət paytaxtımız Şuşanın azad olunması ilə Zəfər Günü rəsmiləşdi. Bu zəfər xalqımızın tarixində milli qürurun, ədalətin və sarsılmaz iradənin əbədi simvoluna çevrildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra azad edilmiş torpaqlarda başlanılan irimiqyaslı bərpa və yenidənqurma işləri müasir dövrün çağırışlarına uyğun olaraq yeni inkişaf mərhələsinin əsasını qoydu. İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təbii ehtiyatları, o cümlədən münbit torpaqları ölkəmizin aqrar potensialının keyfiyyətcə yeni müstəviyə yüksəldilməsi üçün geniş imkanlar açır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "ağıllı kənd" layihələri, qabaqcıl texnologiyaların tətbiqi və aqrar sahədə həyata keçirilən islahatlar bu regionların dirçəldilməsini təmin edir. Zəfərdən qaynaqlanan bu inkişaf impuls kənd təsərrüfatının intensiv üsullarla idarə olunmasını, ərzaq bolluğunun yaradılmasını və regionların iqtisadi fəallığının artırılmasını şərtləndirir.
"Aqromexanika" Elmi-Tədqiqat İnstitutu da daxil olmaqla ölkəmizin elmi qurumları bu tarixi mərhələdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək aqrar sahənin elmi təminatına mühüm töhfələr verməkdədir. Azad edilmiş ərazilərdə kənd təsərrüfatı işlərinin yüksək məhsuldarlıqla və müasir texnologiyalar vasitəsilə həyata keçirilməsində elmi-texniki dəstəyin göstərilməsi Zəfərimizin qorunması və əbədiləşdirilməsi işinə verilən dəyərli töhfədir. Şəhidlərimizin qanı bahasına əldə olunan bu böyük Zəfər hər bir azərbaycanlıya, o cümlədən elmi ictimaiyyətə daha əzmlə çalışmaq, doğma vətənimizin çiçəklənməsi və iqtisadi qüdrətinin daha da artırılması üçün yeni stimullar bəxş edir.
ZÜLFÜQAR HACIYEV
"Aqromexanika" Elmi-Tədqiqat İnstitutunun "İnformasiya təminatı, patent, marketinq və texniki vasitələr" laboratoriyasının aparıcı mütəxəssisi