ƏLAQƏ
10 May – müasir Azərbaycan dövlətinin memarı, dünyaşöhrətli siyasi xadim və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür

Mayın 10-u müasir Azərbaycan dövlətinin memarı, dünyaşöhrətli siyasi xadim və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində elə simalar var ki, onların fəaliyyəti sadəcə bir dövrlə məhdudlaşmır, millətin taleyini onilliklər, hətta əsrlər boyu müəyyən edir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyev məhz belə bir dühadır. 10 may 1923-cü ildə Naxçıvanın qədim torpağında başlayan bu ömür yolu, zaman keçdikcə bütöv bir xalqın intibah və qurtuluş salnaməsinə çevrilmişdir.

Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərindən başlayan birinci rəhbərlik dövrü Azərbaycanın iqtisadi və mədəni simasını kökündən dəyişdi. O, Azərbaycan Respublikasını SSRİ-nin ən qabaqcıl sənaye mərkəzlərindən birinə çevirməyi bacardı. Lakin onun ən böyük xidməti 1993-cü ildə, ölkənin müstəqilliyi təhlükə altında olduğu bir vaxtda xalqın səsinə səs verərək hakimiyyətə qayıtması idi. Bu qayıdışla Azərbaycan xaosdan, daxili çəkişmələrdən və parçalanmaqdan xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoydu.

Ulu öndərin fəaliyyətində elm və təhsilin inkişafı hər zaman prioritet təşkil edirdi. O, yaxşı bilirdi ki, iqtisadi tərəqqi elmi təməllər üzərində qurulmalıdır. Bu baxımdan, Heydər Əliyevin ölkənin kənd təsərrüfatı potensialını elmi əsaslarla modernləşdirmək strategiyası xüsusi qeyd olunmalıdır. Məhz onun diqqət və qayğısı sayəsində aqrar sahənin mexanikləşdirilməsi və texnoloji innovasiyaların tətbiqi sahəsində ciddi nailiyyətlər əldə edilmişdir. Heydər Əliyev üçün elm təkcə laboratoriya divarları arasında deyil, birbaşa istehsalatda, torpaqda və xalqın rifahında öz əksini tapmalı idi. Onun elmi kadrların yetişdirilməsinə verdiyi töhfələr bugünkü kənd təsərrüfatı texnologiyalarının və aqrar elmin inkişaf sütunlarını formalaşdırmışdır.

Onun uzaqgörən siyasəti təkcə o dövrün problemlərini həll etməklə bitmir, həm də gələcəyin böyük hədəflərinə hesablanmışdı. 1994-cü ildə Bakıda Gülüstan sarayında imzalanan "Əsrin Müqaviləsi" ilə , Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının dərinsulu hissəsinin birgə işlənməsi haqqında dünyanın 11 böyük neft şirkəti ilə saziş bağlanaraq, Azərbaycanın enerji müstəqilliyinin təməli qoyuldu, ordu quruculuğunda atılan qətiyyətli addımlar isə milli qürurumuzun bərpası üçün zəmin yaratdı. Heydər Əliyev tərəfindən müəyyən edilmiş azərbaycançılıq məfkurəsi bu gün bizi bir yumruq kimi birləşdirən ən böyük mənəvi gücdür.

Bu gün qürurla qeyd edə bilərik ki, Heydər Əliyevin hakimiyyəti illərində əkdiyi dövlətçilik toxumları bu gün qüdrətli bir çinar kimi ucalmaqdadır. Onun yarımçıq qalmış arzuları, o cümlədən Qarabağın azad edilməsi məsələsi onun layiqli varisi – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən reallığa çevrildi. Müasir Azərbaycanın beynəlxalq arenadakı nüfuzu, iqtisadi sabitliyi və ərazi bütövlüyü məhz Heydər Əliyev dühasının və onun müəyyən etdiyi strateji yolun təntənəsidir. O, öz həyatı və əməlləri ilə sübut etdi ki, xalqına bağlı olan lider əbədiyaşardır və onun qurduğu dövlət sarsılmazdır.

Heydər Əliyevin doğum günü, sadəcə bir tarixin xatırlanması deyil, onun ölməz ideyalarının hər bir azərbaycanlının qəlbində yenidən alovlanmasıdır. O, öz müqəddəs ömrünü Azərbaycanın azadlıq bayrağına, millətin rifahına və dövlətin sarsılmazlığına fəda etmiş, ismi hər birimizin ruhuna silinməz bir möhür kimi həkk olunmuşdur.

Bu gün Şuşada dalğalanan bayrağımız, Şərqi Zəngəzurdan ucalan zəfər sədaları və hər gün daha da çiçəklənən Vətən torpağı onun ən böyük arzusunun təntənəsidir. Heydər Əliyevin qurduğu sarsılmaz dövlət və bizə miras qoyduğu nurlu yol, gələcək nəsillər üçün tükənməz bir qürur mənbəyi, ən ali and yeridir. Nə qədər ki müstəqil Azərbaycan var, Heydər Əliyev hər bir uğurumuzda, hər bir zəfərimizdə bizimlədir – əbədiyaşar, yenilməz, əzəmətli!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ PAYLAŞ:
DİGƏR XƏBƏRLƏR