
"Aqromexanika" Elmi-Tədqiqat İnstitutunun alimlərinin növbəti mühüm elmi məqaləsi beynəlxalq səviyyədə tanınan, Q4 səviyyəli (Impact Factor) nüfuzlu Bolqarıstan Torpaqşünaslıq, Aqrokimya və Ekologiya Jurnalında (Bulgarian Journal of Soil Science, Agrochemistry and Ecology - Cild 60, Say 2, 2026) işıq üzü görmüşdür.
İnstitutumuzun əməkdaşları – Kamil Fətəliyev, Hüseyn Qurbanov və Elmar Nağıyev tərəfindən həyata keçirilən tədqiqat işi “Kombinə edilmiş "Şirvan" malasının eksperimental tədqiqatının nəticələri” ("Results of the experimental study of the combined Shirvan Harrow") adlanır.
Tədqiqatın qısa xülasəsi: Məqalədə Şirvan düzənliyinin pambıqçılıq və taxılçılıq üçün geniş istifadə olunan boz-çəmən torpaqlarında əkinqabağı becərmənin keyfiyyətini yüksəltmək, eləcə də torpaq səthində yaranan bərk qaysaqları səmərəli şəkildə parçalamaq məqsədilə institutumuzda layihələndirilən və hazırlanan kombinəedilmiş yeni "Şirvan" malası barədə ətraflı məlumat verilir. İnstitutun Samux rayonundakı təcrübə sahələrində aparılan çöl sınaqları zamanı aqreqatın iş sürəti, torpaq rütubəti və kəsəklərin parçalanma səmərəliliyi arasındakı asılılıqlar elmi əsaslarla öyrənilmişdir. Müəyyən olunmuşdur ki, torpağın 17–21% rütubətliyində və 7.6–8.9 km/saat işçi sürətində kəsəklərin parçalanma səmərəliliyi maksimal həddə – 71–75%-ə çatır. Bu göstəricilər quraq boz-çəmən torpaqlarda torpağın səpinə hazırlanması üçün yüksək aqrotexniki tələblərə tam cavab verir.
Bu fundamental tədqiqat ölkəmizdə kənd təsərrüfatının mexanikləşdirilməsi və innovativ aqrotexnologiyaların tətbiqi istiqamətində atılmış mühüm addımlardan biridir. Alimlərimizə can sağlığı, gələcək elmi fəaliyyətlərində daha böyük uğurlar və yeni-yeni nailiyyətlər arzulayırıq!
Uğurlarınız davamlı olsun!
Elmi məqaləyə buradan baxa bilərsiniz: Bolqarıstan Torpaqşünaslıq, Aqrokimya və Ekologiya Jurnalı - Cild 60, Say 2, 2026