
"Ağıllı istixana"da pomidor bitkilərinin inkişaf göstəricilərinin sistemli şəkildə izlənilməsi və qiymətləndirilməsi istiqamətində tədqiqatlar davam etdirilir. Aparılan müşahidələr bitkilərin vegetativ inkişaf mərhələləri, böyümə dinamikası və mühit amillərinə reaksiyasının kompleks şəkildə təhlilinə imkan yaradır.
Tədqiqatlar “Aqromexanika” Elmi-Tədqiqat İnstitutu ilə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu əməkdaşlıq müasir aqrotexnoloji yanaşmaların tətbiqi, innovativ istixana idarəetmə sistemlərinin sınaqdan keçirilməsi və bitkiçilik sahəsində elmi-praktik nəticələrin əldə olunmasına yönəlib.
Tədqiqat çərçivəsində ağıllı istixana sahəsinə yerində baxış keçirilmişdir. Baxış zamanı hər iki elmi müəssisənin rəhbərliyi – texnika elmləri namizədi, dosent, Azərbaycan Dövlət Aqrar Universitetinin fəxri professoru, "Aqromexanika" Elmi-Tədqiqat İnstitutunun direktoru Kamil Fətəliyev, AMEA-nın müxbir üzvü, professor, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu nəzdində fəaliyyət göstərən dissertasiya şuralarının sədr və həmsədri, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov və eləcə də “Örtülü torpaqlarda istehsal proseslərinin avtomatlaşdırılması” laboratoriyasının əməkdaşları iştirak etmişlər. Görüş zamanı aparılan işlərin cari vəziyyəti, əldə olunan ilkin nəticələr və gələcək tədqiqat istiqamətləri üzrə müzakirələr aparılmışdır.
“Ağıllı istixana” şəraitində həyata keçirilən bu tədqiqatlar resurslardan səmərəli istifadə, məhsuldarlığın artırılması və kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi baxımından mühüm elmi və praktiki əhəmiyyət kəsb edir.






